BAKI, 10 aprel. TELEQRAF

Qızılın qiyməti Asiya birjalarında kəskin artım və ABŞ Prezidenti Donald Trampın əksər ölkələr üçün qarşılıqlı tariflərə 90 günlük fasilə verməsi, ABŞ ilə Çin arasında artan ticarət gərginliyi fonunda bahalaşmaqda davam edir. Bu ilin aprel ayında qızılın bir unsiyasının qiyməti 3,168 ABŞ dollarına çatıb.

Teleqraf xəbər verir ki, geosiyasi gərginliklər, aparıcı mərkəzi bankların faiz siyasətləri, inflyasiya təzyiqləri və qlobal iqtisadi qeyri-müəyyənlik fonunda qızıl bir daha “təhlükəsiz liman” statusunu möhkəmləndirib. ABŞ dollarının dəyişkənliyi və dünya fond bazarlarında qeyri-sabitlik sərmayəçiləri riskdən qaçaraq qızıla yönəldib.

Qlobal meyllər fonunda Azərbaycanda da bu artımın birbaşa və dolayı təsirləri hiss olunur. Mütəxəssislər qızılın artım tendensiyasının Azərbaycan iqtisadiyyatına olan real və potensial təsirlərini müxtəlif aspektlərdən qiymətləndirirlər. Bir çox ekspertlər qızılın qiymətinin gələcək dövrlərdə daha da artacağını gözləyir.

Mövzu ilə bağlı Teleqraf-a danışan Azərbaycan Zərgərlər Assosiasiyasının idarə heyətinin sədri Toğrul Abbasquliyev bildirib ki, qızılın birja qiymətinin tarixi statistikasına nəzər saldıqda artıma əsas səbəbin böhran olduğu müşahidə edilir:

“Yəni həm 20-ci əsrdə, həm də 2000-ci illərdə böhran dövründə qiymətli metalın dəyərində artım baş verib. Bizim son belə ciddi müşahidəmiz COVID-19 pandemiyası zamanı olub. Bu zaman qızılın qiyməti 2020-ci ildən artmağa başladı. Həmin vaxta qədər 1 qram xalis qızılın qiyməti 40-42 dollar civarında idi, bir neçə il ərzində isə 60-65 dollara yüksəldi. 2024-cü ilin yanvarından başlayaraq isə qızılın qiymətində ciddi bir sıçrayış baş verdi. 1 qram xalis qızılın qiyməti 65 dollardan, demək olar ki, 100 dollaradək qalxdı. Bunun əsas səbəbini dünyada baş verən proseslərdə qeyri-stabilliyin çox olmasıdır. Həm Rusiya-Ukrayna, həm İsrail-Fələstin münaqişələri, həm də Tramp administrasiyasının ABŞ-yə idxalda gömrük rüsumlarını artırması səbəbindən yaranan ticarət müharibələri qızılın qiymətlərinə təsir edir”.

Son günlərdə qızılın qiymətinin artmasında ABŞ ilə Çin arasında getdikcə alovlanan ticarət müharibəsi də böyük rol oynadığını xatırladan Azərbaycan Zərgərlər Assosiasiyasının idarə heyətinin sədri buna səbəbi kimi iki ölkə arasındakı ticarət balanssızlığını göstərdi.

Toğrul Abbasquliyev qeyd edir ki, bu kimi münaqişələr iqtisadi müharibələrə gətirib çıxaracaq:

“Təbii ki, qızıl ən stabil investisiya aləti olaraq qalmaqda davam edir, çünki digər yatırım alətləri iqtisadiyyatda eniş və artımlara birbaşa bağlı olsa da, qızıl bundan asılı deyil. Lakin bunun əks tərəfi də var: Dünyada hasil olunan qızılın 52%-i zərgərlik məmulatlarının istehsalına sərf olunur. Qızılın qiyməti artdıqca zərgərlik məmulatlarına olan tələbat azalır, çünki qiymət artır və alıcılıq qabiliyyəti bunu qarşılaya bilmir. Bu zaman da təbii ki, satışlar azalır. Satışlar azaldıqca, zərgərlik məhsullarının istehsalı da azalır. Oxuduğum son məlumatlara görə, istehsal artıq tam 52% deyil, 50-52% arasındadır”.

O qeyd edir ki, dünyada hasil edilən qızılın əsas sərf olunduğu zərgərlik sənayesində istehsalın azalması ilə qızılın qiyməti də azalmağa başlayacaq.

Lakin assosiasiya sədri bir çox ekspertlərin qızılın qiymətinin daha da artacağını düşündüyünü bildirir:

“Onların fikrincə, 1 qram xalis qızılın qiyməti 110, 120, 130 dollara qədər qalxacaq. Mənim fikrimcə bu çox mübahisəli məsələdir, çünki ortada zərgərlik sənayesi var. Dövlətlərin mərkəzi banklarının qızıl ehtiyatları dünyada hasil olunan qızılın 20%-ni təşkil edir. Bildirdiyim kimi, dünya üzrə hasil olunan qızılın yarısından çoxu zərgərlik sənayesinə sərf olunur. Buna görə də, qızılın qiymətinin qarşıdakı dövrdə daha da artması çox mübahisəli məsələdir”.

Toğrul Abbasquliyev dünya bazarlarında qızılın qiymətində olan dəyişikliklərin Azərbaycan zərgərlik bazarına təsir göstərdiyini də əlavə edib:

“Azərbaycanda da müəyyən alıcı qüvvəsi var. Azərbaycanda qızıl bazarının 75%-ə yaxını toy, nişan mərasimlərinə xidmət edir. Lakin bu günki qiymətləri alıcılıq qabiliyyəti qarşılaya bilmir. Satışlar çox azalıb. Bu barədə narahatlıqlarını həm istehsalçılarımız, həm də satış mağazaları şəbəkəsi olan şirkətlər bildirir. Alıcılıq gücü də azalıb. Qiymətli daş alanlar yarı qiymətli daşlara üz tutur, 750 əyyarlı qızıl alanlar isə artıq 585 əyyarlı qızıl alırlar. Yerli bazarda gümüş satışında ciddi artım var, çünki bu metal alıcılar üçün daha ucuz və əlçatandır”.

O, qısa müddətli dövrdə ciddi dəyişikliyin olacağına ehtimal vermir:

“Münaqişələr bitməli və vəziyyət stabilləşməlidir. Bundan sonra vəziyyətin necə olacağını biləcəyik. Hazırki dövrdə vəziyyət çox qeyri- stabildir”.