BAKI, 28 mart. TELEQRAF

Dünya Bankı Azərbaycanda Bərpa Olunan Enerji Mənbələrinin Genişləndirilməsi Layihəsini (AZURE) təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə maliyyə qurumu məlumat yayıb.

Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (EBRD) 173,5 milyon dollarlıq krediti Azərbaycanın enerji infrastrukturunu genişləndirmək və modernləşdirmək səylərini dəstəkləyəcək. Bu da xüsusilə quruda külək enerjisi sahəsində Azərbaycanın geniş istifadə olunmamış bərpa olunan enerji potensialına özəl sektorun investisiya yatırması üçün imkanlar yaradacaq.

Layihə ilkin olaraq 384 milyon dollarlıq özəl investisiyanın cəlb olunmasına kömək edəcək və Azərbaycan enerji ixracını genişləndirməyi nəzərdən keçirdikcə gələcəkdə daha çox bərpa olunan enerji investisiyalarına yol açacaq.

Dünya Bankının Azərbaycandakı ölkə meneceri Stefanie Stallmeister bildirib ki, bu layihə Azərbaycanda insanlar və biznes üçün etibarlı, əlçatan və dayanıqlı elektrik enerjisinin təmin edilməsinə imkan yaradacaq:

"Enerji şəbəkəsinin gücləndirilməsinə dəstək verməklə biz Azərbaycanın enerji təhlükəsizliyi üzrə uzunmüddətli baxışını reallaşdırmasına kömək edir, davamlı inkişaf və imkanlar üçün baza yaradırıq".

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə enerji sahəsində təcrübə meneceri Stefanie Gil əlavə edib: “Dünya Bankı Qrupunun ötən il başladığı Avropa və Mərkəzi Asiyada Bərpa Olunan Enerjinin Genişləndirilməsi (ECARES) proqramına AZURE layihəsinin daxil edilməsi sayəsində layihə daha geniş platformadan faydalanır. Bu platforma hökumətləri, maliyyə institutlarını və özəl sektorun nümayəndələrini bir araya gətirir, ən yaxşı təcrübələrin, tənzimləyici həllərin və investisiya strategiyalarının mübadiləsini asanlaşdırır. Bu yanaşma vasitəsilə ən yaxşı qlobal və regional təcrübə inkişafı sürətləndirə və özəl sektorun rəhbərlik etdiyi, genişlənə bilən və nümunəvi enerji həllərinə dəstək verə bilər”.

Bankın məlumatına görə, investisiyalar yüksək bərpa olunan enerji potensialına malik bölgələrin enerji tələbat mərkəzlərinə qoşulmasına yönələcək. Ötürmə gücünün artırılması və etibarlılığın yüksəldilməsi ilə layihə həm ev təsərrüfatlarının, həm də biznesin gələcək enerji ehtiyaclarını qarşılaya biləcək daha dayanıqlı və çevik enerji sistemi yaradacaq. Bu da öz növbəsində özəl investisiyaların cəlb olunmasına, iqtisadi artımın dəstəklənməsinə və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək.

Layihə Azərbaycanın yaşıl enerji dəhlizi yaratmaq baxışını dəstəkləməyə yönəlmiş ilk addımdır. Bu təşəbbüs bölgədə bərpa olunan enerjinin inkişafını və ticarətini genişləndirməyi hədəfləyir.

Qeyd edək ki, AZURE layihəsi əsas ötürmə xətləri və yarımstansiyaların genişləndirilməsi və gücləndirilməsinə yönəlib. Bu, aşağıdakı məqsədlərə xidmət edəcək:

- 240 meqavatlıq Abşeron-Qaradağ külək elektrik stansiyasının enerji ötürmə şəbəkəsinə qoşulması,

- 330/500 kV-luq yüksək gərginlikli şəbəkənin gücləndirilməsi və genişləndirilməsi vasitəsilə özəl sektor tərəfindən inşa edilən 1 giqavatadək bərpa olunan enerji istehsalının təhlükəsiz və etibarlı şəkildə ötürülməsinin təmin edilməsi,

- Özəl investisiyalar hesabına 1,8 giqavat bərpa olunan elektrik enerjisinin şəbəkəyə daha səmərəli inteqrasiyası üçün şəbəkənin dayanıqlığının artırılması.