
BAKI, 31 mart. TELEQRAF
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında növbəti uşaq ölümü qeydə alınıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə bayram günlərində baş verib.
Məlumata görə, doğumu körpə cərrah mama-ginekoloq Mehriban Yunusova qəbul edib.
Uşaq qeysəriyyə yolu ilə doğulacaqmış, lakin son anda həkimlər qərarlarını dəyişərək təbii doğuş üsulunu seçiblər.
Doğuşdan iki saat sonra isə körpə dünyasını dəyişib.
Vəfat etmiş uşağın valideyni, Sabirabad şəhər sakini Bayram Güləliyev Teleqraf-a faktı təsdiqləyib və sabah məsələ ilə bağlı baş həkimlə görüşəcəyini bildirib: "Bu görüşdən sonra lazım olsa sizə geniş məlumat verərəm".
Xatırladaq ki, bu, Sabirabad MRX-da təsdiqini tapmış ikinci ölüm halıdır.
Bundan əlavə daha bir uşaq ölümü ilə bağlı iddialar var. Ümumilikdə isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında son on gündə üç uşaq ölümü qeydə alınıb.