
BAKI, 28 mart. TELEQRAF
Türkiyənin Azərbaycandan təbii qaz idxalı azalıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Enerji Bazarı Tənzimləmə Qurumunun (EPDK) yayımladığı "Təbii Qaz Bazarı Sektor Hesabatı"nda qeyd edilib.
Hesabatda bildirilib ki, Türkiyə 2025-ci ilin yanvar ayında Azərbaycandan 795 milyon 390 min kubmetr təbii qaz idxal edib. Ötən ilin eyni dövrü ilə müqayisədə (877,74 milyon kubmetr) Azərbaycan idxal 9,38 faiz azalıb.
Qurumun hesabatında həmçinin qeyd olunub ki, Türkiyədə təbii qaz idxalı 2025-ci ilin yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% azalaraq 6 milyard 418 milyon 880 min kubmetrə düşüb.
İdxalın 3 milyard 762 milyon 780 min kubmetri boru kəmərləri vasitəsilə, 2 milyard 656 milyon 100 min kubmetri isə mayeləşdirilmiş təbii qaz (LNG) terminalları vasitəsilə həyata keçirilib.
Yanvar ayında ən çox təbii qaz Rusiyadan idxal edilib, digər ölkələrdən alınan miqdarlar isə aşağıdakı kimi sıralanıb:
- Rusiya: 2 milyard 781 milyon 410 min kubmetr
- Azərbaycan: 795 milyon 390 min kubmetr
- İran: 185 milyon 970 min kubmetr
LNG idxalında isə ən böyük pay ABŞ-yə məxsus olub:
ABŞ: 1 milyard 576 milyon 760 min kubmetr
Əlcəzair: 514 milyon 410 min kubmetr
Ekvatorial Qvineya: 297 milyon 940 min kubmetr
Nigeriya: 185 milyon 920 min kubmetr
Braziliya: 81 milyon 80 min kubmetr
Qeyd edək ki, Türkiyədə yanvar ayında təbii qaz istehlakı ümumilikdə 22% artaraq 7 milyard 625 milyon 150 min kubmetrə yüksəlib.