BAKI, 30 mart. TELEQRAF

Özbəkistanın ümumi xarici borc dinamikasında artım müşahidə olunub, dövlət borcu 4,2 milyard ABŞ dolları, korporativ kreditlər isə 6,6 milyard dollar artıb.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Bankının açıqladığı ölkənin 2024-cü il üzrə xarici borc göstəricilərində qeyd edilib.

Bildirilib ki, ötən ilin sonuna qədər hökumət və korporasiyalar tərəfindən xarici ölkələrdən, beynəlxalq maliyyə institutlarından və investorlardan cəlb olunan ümumi xarici borc 64,1 milyard dollara çatıb. Bunun 33,9 milyard dolları dövlət zəmanətli borc, qalan 30,2 milyard dollar isə korporativ (zəmanətsiz) xarici borc təşkil edir.

Mərkəzi Bankının hesablamalarına görə, son illərdə ölkədə korporativ xarici borcun daha sürətlə artdığı müşahidə olunur. Bu, milli şirkətlərin beynəlxalq maliyyə bazarlarında artan iştirakının nəticəsidir.

Qeyd edək ki, 2023-cü ildə Özbəkistanda ümumi xarici borc 53,3 milyard dollar olub (dövlət xarici borcu 29,7 milyard dollar, korporativ xarici borc isə 23,6 milyard dollar).