BAKI, 30 mart. TELEQRAF

Çin, Cənubi Koreya və Yaponiya ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yeni rüsumlara cavab olaraq azad ticarəti gücləndirmək barədə razılığa gəliblər.

Teleqraf xəbər verir ki, razılaşma son beş ildə ilk dəfə keçirilən yüksək səviyyəli ticarət rəsmilərinin görüşündə əldə olunub.

Üç ölkə geniş üçtərəfli azad ticarət sazişi üzrə danışıqların sürətləndirilməsinə çağırış edib və proqnozlaşdırıla bilən ticarət və investisiya mühiti yaratmaq barədə razılığa gəliblər.

Cənubi Koreyanın Ticarət Nazirliyinin məlumatına görə, koreyalı nazir Dünya Ticarət Təşkilatının düzgün fəaliyyət göstərməsini təmin etmək üçün səylərin artırılmasını tələb edib. Bunun qlobal ticarətin sabitliyini və proqnozlaşdırıla bilənliyini qorumaq üçün vacib olduğunu vurğulayıb.

Görüş ABŞ-nin avtomobillər, yük maşınları və avtomobil hissələri də daxil olmaqla geniş çeşiddə idxal mallarına tariflər tətbiq etməyə başlamasından bir neçə gün əvvəl baş tutub.

Qeyd edək ki, Donald Tramp aprelin 2-dən etibarən hər bir ticarət tərəfdaşı üçün fərdi tariflər tətbiq edəcəyini vəd edib. Bununla belə, o, ötən həftə jurnalistlərə açıqlamasında müəyyən güzəştlərin olacağını da bildirib.

Xatırladaq ki, Cənubi Koreya və Yaponiya əsas avtomobil ixracatçılarıdır, Çin isə ABŞ-nin tariflərindən ciddi şəkildə təsirlənib.