BAKI, 21 mart. TELEQRAF

Dünyanın 8 ən böyük neft şirkətinin 2024-cü ildə qazancı əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalaraq təxminən 217,65 milyard dollara düşüb.

Teleqraf xəbər verir ki, "ExxonMobil", "Chevron", "Royal Dutch Shell", BP, "TotalEnergies", "Eni", "Equinor" və "Saudi Aramco"nun ötən ilki ümumi mənfəəti 2023-cü illə müqayisədə təxminən 16 faiz azalıb.

Ötən il "Saudi Aramco" 106,20 milyard dollar, "ExxonMobil" 33,68 milyard dollar, "Shell" 23,72 milyard dollar, bp 8,91 milyard dollar, "Chevron" 17,66 milyard dollar, "Eni" 2,89 milyard dollar, "Equinor" 8,83 milyard dollar, "TotalEnergies" 15 milyard dollar mənfəət əldə edib.

Belə ki, 2023-cü illə müqayisədə "Saudi Aramco" 12,4 faiz, "ExxonMobil" 6,5 faiz, "Shell" 16 faiz, bp 35,6 faiz, "Chevron" 17,4 faiz, "Eni" 44,5 faiz, "Equinor" 25,8 faiz, "TotalEnergies" 26,3 faiz az gəlir götürüb.

"Rystad Energy"nin baş vitse-prezidenti Xorxe Leon qiymətləndirməsində 2024-cü ildə şirkətlərin mənfəət dərəcələrinin azalmasının iki əsas səbəbi olduğunu bildirib.

Xam neftin qiymətindəki ucuzlaşmanın şirkətlərin gəlirlərinə mənfi təsir etdiyini deyən Leon bildirib ki, bu il üçün də qara qızılın ucuzlaşması qaçılmaz olacaq:

"2025-ci ildə neftin qiymətinin 2024-cü ildəki səviyyədən aşağı düşməsini, orta hesabla 75 dollar/barel olacağını gözləyirik. Bu səbəbdən böyük neft şirkətlərinin bu ilki gəlirlərinin keçən illə müqayisədə daha az olması sürpriz olmayacaq",- deyə vitse-prezident qeyd edib.

"Kpler" beynəlxalq şirkəti isə bu il neftin qiymətinin aşağı düşməsinin yüksək hasilat və zəif tələblə bağlı olacağını irəli sürüb.

"Yaxın 2-3 ay ərzində neftin qiymətinin yenidən 75 dollar səviyyəsinə çatması mümkündür, lakin hələlik bu həddən yuxarı qalxması çətin görünür. Bu ilin üçüncü və dördüncü rübündə qiymətlərin yenidən indiki səviyyəyə və ya 70 dollardan aşağı düşməsi ehtimalı var", deyə şirkətin açıqlamasında deyilir.