
BAKI, 12 mart. TELEQRAF
Bərdə rayonunun Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yollarının əsaslı təmiri ilə bağlı Prezidentin Sərəncamına uyğun olaraq, yolların yenidən qurulmasına başlanılıb.
Avtomobil Yolları Dövlət Agentliyinin Teleqraf-a verdiyi məlumata əsasən, uzun müddətdir əsaslı təmir olunmadan istismar edilən bu yolların yararsız asfalt və çınqıl örtüyü nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində çətinliklər yaradırdı. Yenidənqurma işləri məhz bu problemlərin aradan qaldırılmasına və yol şəraitinin müasir standartlara uyğunlaşdırılmasına yönəldilib.
Əmirli–Xanağalı–Uğurbəyli yolu 27 kilometr, Alpout–Qarayusifli–Tumaslı yolu isə 5.5 kilometr uzunluğundadır. Hər iki yol IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur və yolların eni 10 metrə qədər genişləndirilir. Hazırda yol yatağının genişləndirilməsi, qazma-dolğu və kipləşdirmə işləri aparılır. Bundan əlavə, yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrli suötürücü boruların tikintisi də həyata keçirilir.
Layihə çərçivəsində Əmirli–Xanağalı–Uğurbəyli yolunun Qarabağ kanalı üzərində yeni körpünün inşası da planlaşdırılır. Yeni körpü yolun təhlükəsizliyini və rahatlığını artıraraq, nəqliyyatın fasiləsiz hərəkətini təmin edəcək.
Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə və müəyyən edilmiş qrafik əsasında sürətlə və keyfiyyətlə icra edilir.
Qeyd edək ki, bu layihə Bərdə rayonunda 15 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsi arasında gediş-gəlişi xeyli yaxşılaşdıracaq. Eyni zamanda, Bərdə şəhərinə nəqliyyatın hərəkətinin daha müntəzəm və təhlükəsiz olmasına şərait yaradacaq ki, bu da ərazi üzrə sosial və iqtisadi inkişafa mühüm töhfə verəcək.