BAKI, 2 noyabr. TELEQRAF
Azərbaycan və və Qazaxıstan yeni “Xəzər körpüsü” (“Super Ferry”) Transxəzər yeni nəsil bərə sistemi yaradacaq.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) və Qazaxıstanın “Samruk-Kazyna” Milli Rifah Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqavilə AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qazaxıstana səfəri çərçivəsində “Samruk-Kazyna” Milli Rifah Fondu İdarə Heyətinin sədri Nurlan Jakupovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bağlanıb.
Layihə Ələt və Kurık limanları arasında müasir, yüksək tutumlu bərələr vasitəsilə müntəzəm yükdaşımaların təşkilini, ixtisaslaşdırılmış terminalların inkişafını və vahid nəqliyyat-logistika sisteminin formalaşdırılmasını nəzərdə tutur. Əsas hədəflər dəniz keçidi və liman əməliyyatlarına sərf olunan vaxtın azaldılması, daşımaların etibarlılığının artırılması və Orta Dəhlizin rəqabət qabiliyyətinin gücləndirilməsidir. Bununla da layihə Xəzər hövzəsində nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə və beynəlxalq yük axınları üçün daha dayanıqlı logistika imkanlarının yaradılmasına töhfə verəcək.
Bundan əlavə, “Azərbaycan Dəmir Yolları” QSC və Qazaxıstanın “Қазақстан темір жолы” SC arasında Bakı Beynəlxalq Dəniz Limanının ərazisində intermodal yük terminalının yaradılması istiqamətində əməkdaşlığın prinsiplərini müəyyən edən əsas şərtlər sənədi imzalanıb.
Yeni terminalın yaradılması konteyner və digər yük axınlarının cəlb edilməsinə, liman və dəmir yolu əməliyyatları arasında inteqrasiyanın gücləndirilməsinə, eləcə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə daşımaların səmərəliliyinin artırılmasına xidmət edəcək.
Layihə çərçivəsində terminalın əməliyyat və kommersiya fəaliyyətini həyata keçirəcək birgə müəssisənin yaradılması nəzərdə tutulur. Bu məqsədlə növbəti mərhələdə investisiya modelinin və maliyyələşdirmə şərtlərinin layihənin texniki-iqtisadi göstəriciləri əsasında dəqiqləşdirilməsi planlaşdırılır.
Tərəflər arasında görüş zamanı korporativ idarəetmə və portfel şirkətləri arasında koordinasiya sahəsində təcrübə mübadiləsi aparılıb, Orta Dəhliz, dibdərinləşdirmə işləri, dəniz infrastrukturu layihələri üzrə əməkdaşlıq imkanları müzakirə edilib.