BAKI, 30 oktyabr. TELEQRAF

Azərbaycan qazı artıq 16 ölkəyə ixrac olunur.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Baş naziri Əli Əsədov bu gün Siqnaxidə keçirilən Azərbaycan-Gürcüstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 11-ci iclasında bildirib.

O qeyd edib ki, Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi BTC və Cənub Qaz Dəhlizi kimi iri enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində, təchizat marşrutlarının şaxələndirilməsində mühüm rol oynayır.

Baş nazir bildirib ki, Azərbaycan qazı hazırda 16 ölkəyə ixrac olunur. O, elektrik enerjisi sahəsində də əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb.

Gürcüstanın enerji sistemində iyul ayında baş vermiş qəza zamanı Azərbaycanın qonşu ölkəyə operativ dəstək göstərdiyini, elektrik enerjisi sistemləri arasında güc mübadiləsinin artırıldığını diqqətə çatdırıb.

Ə.Əsədov yaşıl enerji sahəsində əməkdaşlığa da toxunaraq, ölkələrin Avropaya yaşıl enerji dəhlizinin yaradılması istiqamətində işlərə başladığını bildirib.