BAKI, 30 oktyabr. TELEQRAF
Orta Dəhlizin inkişafı Azərbaycan və Gürcüstan üçün prioritetdir.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Baş naziri Əli Əsədov bu gün Siqnaxidə keçirilən Azərbaycan-Gürcüstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 11-ci iclasında bildirib.
O qeyd edib ki, nəqliyyat-tranzit sahəsi iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir və tərəflər Orta Dəhlizin inkişafı üçün birgə səylərini davam etdirirlər.
Baş nazir Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə istismara verilməsini və yükaşırma qabiliyyətinin 5 milyon tona çatdırılmasını uğurlu əməkdaşlığın nümunəsi kimi dəyərləndirib.
Ə.Əsədov mədəni-humanitar əlaqələrin də xüsusi əhəmiyyət daşıdığını bildirib. O, Heydər Əliyev adına Tbilisi Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinə yaxın zamanda başlanacağına ümidvar olduğunu deyib.
Baş nazir Gürcüstanda yaşayan azərbaycanlıların və Azərbaycandakı gürcü icmasının iki xalq arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını, ana dilində təhsil imkanlarının qorunmasının vacibliyini vurğulayıb.