BAKI, 30 oktyabr. TELEQRAF

Cari dövrədək Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdərə, Laçın və Füzuli rayonlarında ümumilikdə 610 hektar meşə fondu sahəsində əkin və səpin işləri yerinə yetirilib.

Teleqraf xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ağdam rayonunda Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.

O bildirib ki, işlər işğaldan azad edilmiş ərazilərdə meşəbərpa tədbirlərinin həyata keçirilməsi çərçivəsində ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi planları nəzərə alınmaqla həyata keçirilib.

"Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazi planlaşdırma sənədlərində yeni yaşıllıq zolaqlarının salınması üçün nəzərdə tutulan torpaq sahələrində ümumilikdə 205 hektar yaşıllıq massivi salınıb. Qeyd olunanlar ilə yanaşı, Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin dəstəyi ilə "Azərbaycan Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi"nin və "Ağıllı Tinglik Təsərrüfatı"nın yaradılması ilə bağlı işlər yekunlaşdırılmış və hazırda layihənin istismara icazə icraatı ilə bağlı sənədləşdirmə işləri aparılır", - o vurğulayıb.