BAKI, 2 noyabr. TELEQRAF

Hesablama Palatası Azərbaycanın 2027-ci il dövlət büdcəsinin layihəsinə verdiyi Rəyi təsdiq edib. Rəyin Milli Məclisə təqdim edilməsi barədə qərar qəbul edilib.

Teleqraf xəbər verir ki, qərar Palatanın sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən növbəti Kollegiya iclasında qəbul edilib.

Müzakirə zamanı qeyd olunub ki, Rəy dövlət büdcəsi haqqında Qanun layihəsinin və onunla birlikdə təqdim edilmiş aidiyyəti sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğunun, nəzərdə tutulmuş dövlət büdcəsinin gəlirləri və xərclərinin, büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyünün və tamlığının qiymətləndirilməsini əhatə edir.

Kollegiya iclasında Rəydə təqdim olunan əsas nəticələr və tövsiyələr ətraflı müzakirə edilib, müvafiq məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Daha sonra iclasda Dövlət sosial müdafiə fondunun 2027-ci il üçün büdcə layihəsinə Hesablama Palatasının Rəyi müzakirə olunub.

Həmin Rəy üzrə aparılmış təhlillərin nəticələri və irəli sürülmüş tövsiyələr Kollegiya üzvlərinin müzakirəsinə çıxarılıb. Yekunda Rəyin təsdiq edilməsi və Milli Məclisə göndərilməsi ilə bağlı qərar verilib.