
Asiya və Avropa arasındakı ticarət axınını asanlaşdırmaq üçün rəqəmsal ticarət dəhlizi platforması qurulur.
Teleqraf xəbər verir ki, bu barədə “Global DTC” şirkətinin baş direktor müavini Alua Satıbaldiyeva “Middle Corridor via the Caspian Sea” (Xəzər dənizi vasitəsilə Orta Dəhliz) adlı forumda deyib.
O bildirib ki, “Global DTC”-nin səhmdarı Sinqapur limanı olan “PSA International” şirkətidir:
“2024-cü ildə mühüm bir nailiyyət əldə etdik – qrup üzrə ümumilikdə 100 milyon konteynerin tranzitini həyata keçirdik. Bu, yalnız Sinqapur limanı üçün deyil, bütün qlobal aktivlərimiz üçün tarixi bir mərhələdir və olduqca əhəmiyyətli göstəricidir.
Platformamızın əsas funksiyalarına əməkdaşlıq ekosistemi yaratmaq, elektron gömrük dəstəyi, tarif və sifariş idarəetmə modulu, sənəd dövriyyəsinin rəqəmsallaşdırılması, izləmə və izlənilmə (track & trace) aiddir.
Əslində, bu gün biz platformamızın rəsmi açılışını elan etməyi planlaşdırmışdıq. Açıq danışsaq, biz illərdir bu sistemin qurulması üzərində çox ciddi çalışmışıq və nəhayət, Transxəzər marşrutunun bütün üzvləri üçün – yük ekspeditorları, göndəricilər və alıcılar üçün platformanı açırıq.
Bu platforma sayəsində istifadəçilər yalnız konteyner nömrəsini sistemə daxil etməklə yüklərinin yerini real vaxt rejimində izləyə biləcəklər. Konteynerin harada olduğunu, hansı məntəqələrdən keçdiyini və hansı ölkədə yerləşdiyini – Qazaxıstan, Azərbaycan və Gürcüstan daxilində – anlıq olaraq yoxlamaq mümkün olacaq.”
Alua Satıbaldiyeva qeyd edib ki, bu nailiyyət Qazaxıstan, ADY və Gürcüstan Dəmir Yolları ilə əməkdaşlıq, əlaqə və inteqrasiya nəticəsində mümkün olub:
“Bu cümə günü biz bütün texniki atributları tamamladıq və Abay Nuqayeviç ilə müqaviləni imzaladıq. Hazırda Octoport ilə inteqrasiyanı tamamlamağı planlaşdırırıq.
Sınaq mərhələsində Çindən – məsələn, Sian şəhərindən Poti, Batumi və ya İzmitə qədər olan marşrutlarda testlər apardıq. Son bir neçə ay ərzində əsas çətinliklərdən biri hava şəraitinə görə Xəzər dənizindən keçid zamanı konteynerlərin izlənilməsində yaranan problemlər idi.
Konteyner Aktau limanına yaxın dəmir yolu stansiyasına çatanda, sanki “qara qutuya” çevrilirdi – heç kim onun vəziyyəti və hərəkəti barədə dəqiq məlumat ala bilmirdi. Bu yeni platforma məhz həmin problemi aradan qaldırmağa yönəlib.
Bu, həqiqətən hava şəraitindən asılıdırmı? Bəlkə də istifadəçilər bunun hava şəraitindən qaynaqlandığını bilmirlər. Yoxsa problem konteyner və ya gəmi çatışmazlığıdır? Əsas səbəb nədir?
Aktau limanı ilə inteqrasiyanı yekunlaşdırdıqdan sonra – ümid edirik ki, bunu bir neçə ay ərzində tamamlayacağıq – istifadəçilər konteynerlərinin real vəziyyətini görə biləcəklər. Bu, hava şəraitinə görə gecikmə ola bilər, yaxud başqa bir səbəb. Hər halda, bu məlumatların şəffaf olması çox vacibdir.
Növbəti addımlara gəlincə, əlbəttə ki, Azərbaycanın Ələt limanı ilə inteqrasiyanı həyata keçirəcəyik. Bundan sonra isə Gürcüstanın milli liman icma sistemi ilə inteqrasiya müzakirə olunur. Bu sistem Gürcüstandakı bütün terminalları birləşdirəcək və hazırda birinci mərhələ tamamlanıb. Onlar tam hazır olduqdan sonra inteqrasiyanı daha da genişləndirəcəyik.
Bundan əlavə, PSA qrupuna daxil olan növbəti liman – Türkiyədəki Mersin limanıdır. Burada da inteqrasiyanı davam etdirməyi planlaşdırırıq.
Lakin bu hələ son deyil. Başlanğıc nöqtəsi, təbii ki, Çindir.”