BAKI, 4 mart. TELEQRAF

Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyində ötən il dekabrın 25-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin – baş pilot İqor İvanoviç Kşnyakin, 2-ci pilot Aleksandr Georgiyeviç Kalyaninov və baş bələdçi Hökumə Cəlil qızı Əliyevanın şəxsi fondunun yaradılması və bu materialların daimi ekspozisiyada nümayişi ilə bağlı olaraq toplama işi həyata keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Mülki Aviasiya Muzeyi məlumat yayıb.

Ekipaj heyətinin ailə üzvləri tərəfindən muzeyə verilən həmin materiallar arasında onların əmək fəaliyyəti ilə bağlı geyimlər, sənədlər, şəxsi əşyalar, fotəşəkillər və s. yer alır.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.