BAKI, 4 mart. TELEQRAF
Ötən il Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilən KOB subyektlərinin satış imkanlarının genişləndirilməsinə dəstək mexanizmlərindən 550 mikro, kiçik və orta biznes subyekti yararlanıb.
Teleqraf xəbər verir ki, 60-a yaxın KOB subyektinin Azərbaycanda və xarici ölkələrdə keçirilən 11 sərgidə (4-ü yerli və 7-si xarici ölkələrdə olmaqla) ödənişsiz olaraq iştirakı təmin edilib. Mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması və satışına dəstək məqsədilə 10 “KOB Fest” sərgi-satış yarmarkası keçirilib. Bakı, Göygöl, Şəki, Gəncə, Masallı, Naxçıvan, Zaqatala, Xaçmaz, Göyçay və Zəngilanda təşkil edilmiş yarmarkalarda 471 sahibkar məhsul və xidmətlərini təqdim edib və satışını həyata keçirib.
Eyni zamanda Mikro və kiçik sahibkarların istehsal etdiyi məhsulların iri ticarət şəbəkələrində satışına dəstək mexanizmi çərçivəsində onlar üçün ayrılmış 8 satış nöqtəsində 20-dən çox KOB subyektinın məhsullarının satışı həyata keçirilib.