
BAKI, 4 mart. TELEQRAF
"Rafael yaxşı formadadır, çəkisini qaldırmağı bacarır"
Teleqraf xəbər verir ki, bunu azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyevin meneceri Sayat Abdrahmanov "Sport24.ru" saytına açıqlamasında deyib.
Qazaxıstanlı mütəxəssis 32 yaşlı idmançının UFC 313 turnirində Castin Qeyci ilə döyüşü barədə danışıb: "O, yeni çağırışlara açıqdır və risk etməyi xoşlayır. Bir az qeyri-müəyyənlik var idi, çünki Qeycinin onunla döyüşməyə razı olub-olmayacağı tam aydın deyildi. Fiziyevin keçən il Fransanın paytaxtı Parisdə Benua Sen-Deni ilə gecənin əsas döyüş variantı var idi. Razılaşdıq, lakin UFC həmin döyüşü Renato Moykanoya verməyə qərar verdi. Daha sonra noyabr və dekabr üçün də axtarışlar olundu, lakin rəqib tapılmadı. Bu ilin fevralında Mateuş Qamrotla qarşılaşa bilərdik, amma polşalı bu döyüşdən imtina etdi".
Menecer Qeyci ilə döyüşün risklərindən də söz açıb: "Bəziləri deyə bilər ki, Rafaelin itirəcəyi heç nə yoxdur. Digər tərəfdən, hər bir döyüşçü öz sağlamlığını riskə atır. Fiziyev uzun müddət rinqə çıxmayıb, indi isə onu çətin rəqib gözləyir. "Ataman" buna razılıq veribsə, demək ki, o, 100% hazırdır. Əvvəlcədən bəhanələr axtarmağa ehtiyac yoxdur, bu qərarın bütün nəticələrini qəbul etməyə hazırıq".
Abdrahmanov azərbaycanlı döyüşçünün kəmərə iddia edə biləcəyini də istisna etməyib: "Bu, bir çox amillərdən asılıdır, lakin belə bir ssenari mümkündür. Hər şey digər namizədlərin zamanından və hazırlığından asılıdır”.
Qeyd edək ki, Rafael Fiziyev Castin Qeyci ilə martın 9-da ABŞ-nin Las Veqas şəhərində keçiriləcək UFC 313 turnirində qarşılaşacaq.