“Qarabağ işğal altında olduğu dövrdə İranla Ermənistan arasında iqtisadi əlaqələr səngiməyib. Hətta müharibədən sonra belə, İran qaçaqmalçılıq yolu ilə Qarabağa daxil olub, Ermənistana yanacaq daşıyıb”.

Bunu Teleqraf.com-a iqtisadçı Azər Balamedov deyib.

İqtisadçı İranın iqtisadi sanksiyalar altında olduğuna diqqət çəkib: “Siyasəti iqtisadiyyat idarə edir. Təkcə İran-Ermənistan münasibətlərində yox, dünya miqyasında da bu kimi nümunələrə rast gəlinir. 40 ildən çoxdur ki, İranla ABŞ və onun tərəfdaşları arasında böyük problemlər yaranıb. İranın təxminən 200-300 milyard dollardan çox vəsaiti ABŞ və onun tərəfdaşı olan ölkələrin banklarında dondurulub.

İranın xüsusən də neft sektoruna sanksiyalar tətbiq olunub. Son 42 ildə İran Qərblə əməkdaşlıq edə bilmir. O, yeni tərəfdaşlar axtarmağa məcbur olub. Şərqdə İranın yaxın partnyoru Çindir. Demək olar ki, Çindən başqa rəsmi Tehranla qlobal səviyyədə heç bir ölkə əməkdaşlıq etmir.

Bu ölkənin əsas tərəfdaşlarından biri də Rusiyadır. Postsovet məkanında Rusiya ilə İran arasında müəyyən problemlər yaşansa da, sonradan böyük iqtisadi əlaqələr olub. Ermənistan isə Rusiya ilə İran arasında bir körpü rolunu oynayıb. Ermənistan Rusiya ilə birgə Avrasiya İqtisadi Birliyi (EurAsEC), o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təmsil olunur. Ermənistan Cənubi Qafqazda Rusiyanın maraqlarına xidmət edir. Ermənistanla İran arasında olan münasibətlər də bu rakursdan qiymətləndirilməlidir. Ermənistan iqtisadiyyatının 90 faizə qədəri Rusiyaya şirkətlərinin səhmləri və səhmdarlarına məxsusdur”.

Azər Balamedov işğal dövründə İranın Ermənistanla iqtisadi əlaqə qurmasında sürpriz və təəccüblü bir şey görmədiyin deyib: “Son 29 ildə Azərbaycanla İran arasında görünən bir problem yaşanmayıb. İki ölkənin şirkətləri arasında müəyyən ticari əlaqələr qurulub. Buna baxmayaraq işğal dövründə İranla Ermənistan arasında iqtisadi əlaqələr səngiməyib. Hətta müharibədən sonra belə, İran qaçaqmalçılıq yolu ilə Qarabağa daxil olub Ermənistana yanacaq daşıyıb, Azərbaycanın bununla bağlı narahatlığı isə qulaqardına vurulub.

Qarabağ işğal altında olduğu dövrdə əksər müsəlman ölkələr Azərbaycana dəstək verir, Ermənistanla diplomatik əlaqələr qurmurdular, ancaq İran açıq şəkildə qatı ermənipərəst siyasət yürüdürdü.

BMT Təhlükəsizlik Şurasının Qarabağa dair qətnamələri Ermənistanın rəsmi işğalçı olması faktını təsdiq edir. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən bu sənədlərdə Azərbaycanın 20 faiz torpağı erməni işğalında olması və işğal nəticəsində təxminən 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün düşməsi qeyd olunurdu. İran bütün bunlara rəğmən Ermənistanla iqtisadi əlaqələr qurub. İki ölkə arasında iqtisadi əlaqələrin rəsmi və qeyri-rəsmi tərəfləri var. Əgər rəsmi münasibətlər 10 faizdirsə, qeyri-rəsmi daha çoxdur.

Ermənistan iqtisadiyyatı blokada şəraitində olub, amma onun əhalisinin müflis vəziyyətə düşməməsinin səbəbi İrandır. Rusiya hərbi sahədə əməkdaşlıq edibsə, İran Ermənistanın iqtisadi nəfəsliyi rolunu oynayıb”.

Analitikin müşahidələrinə əsasən, İran iqtisadi siyasət apararaq, geosiyasi problemlərini də həll etməyə çalışır: “İran Ermənistandan çox da asılı olmayıb. Çünki ölkə daxili resursları hesabına özünü iqtisadi cəhətdən saxlaya bilib. Bu mənada ölkənin kənd təsərrüfatı, neft sənayesi və digər istehsalat sahələrində iqtisadi aktivlik olub. Ermənistan da İranın hesabına dolanıb, əhalisi acından ölməyib.

Ümumiyyətlə, həm Türkiyə, həm Rusiya, həm də İran Cənubi Qafqazda müəyyən mövqelərini saxlamağa çalışıblar. Burada iqtisadiyyat əsas alətdir. Çünki iqtisadiyyat siyasəti təyin edir. Gürcüstan daim qərbyönümlü siyasət yürüdüb, buna görə də İran onunla əməkdaşlıq edə bilməyib.

İran qısqanc siyasət aparsa da, Azərbaycanla müəyyən əlaqələri olub. Başqa sözlə, İranın Gürcüstanla əlaqələri tam alınmır, Azərbaycanla qismən alınır, amma Ermənistanı iqtisadi cəhətdən tam nəzarətdə saxlayır. Deməli, İran Cənubi Qafqazda öz siyasi mövqeyini qoruyur. Ermənistan regional, İran isə dünya səviyyəsində blokadadır. Demək olar ki, bu gün İranın rəsmi ticarət tərəfdaşı yoxdur”.