Bakı, 20 fevral. TELEQRAF

“SpaceX” və Azərkosmos arasında formalaşan əməkdaşlıq Azərbaycanın kosmos sahəsindəki mövqeyini gücləndirən mühüm strateji addımlardan biridir. Bu əlaqələr Azərkosmosun peyklərinin “SpaceX”-in “Falcon-9” raketləri vasitəsilə orbitə buraxılması imkanlarını da dəyərləndirir.

Bu sözləri Teleqraf-a müsahibəsində Azərbaycan Respublikasının Kosmik Agentliyi - Azərkosmosun İdarə Heyəti sədrinin müavini Dunay Bədirxanov deyib.

“Belə tərəfdaşlıq Azərbaycanın kosmos sənayesində qlobal oyunçularla əməkdaşlıq etməyə hazır olduğunu və bu istiqamətdə mühüm addımlar atdığını göstərir. Bildiyiniz kimi, 2023-cü ildə Azəkosmos və “SpaceX” ilə bağlanan müqaviləyə əsasən, “Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda təkrar satışı üzrə razılıq əldə olunub. Azərkosmos tərəfindən ölkəmizdə uğurla sınaqdan keçirilmiş “Starlink” peyk internet xidmətləri ucqar ərazilərdə internet xidmətlərinin Azərbaycanda da əlçatan olmasını təmin edə bilir”, - deyə sədr müavini bildirib.

Qeyd edək ki, “SpaceX” şirkətinin qurucusu milyarder İlon Maskdır. Şirkət 2002-ci ildə yaradılıb.