BAKI, 3 mart. TELEQRAF

"Azəri" Taekvondo Klubunun üzvləri Kişineu şəhərində keçirilən "Moldova Open" beynəlxalq turnirində 4 qızıl, 2 gümüş, 1 bürünc qazanıblar.

Teleqraf Taekvondo federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 27–28 fevral tarixlərində baş tutan turnirdə 27 kq çəki dərəcəsində çıxış edən İnci Rahova (uşaqlar) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub.

Yeniyetmələr arasında 29 kq çəki dərəcəsində mübarizə aparan Aylin Məmmədzadə, eləcə də 53 kq çəki dərəcəsində çıxış edən Ümid Səfiyarlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yeniyetmə B kateqoriyasında 37 kq çəki dərəcəsində yarışan Zeynal Abışov da turniri qızıl medalla başa vurub.
Bu yaş kateqoriyasında 29 kq çəki dərəcəsində çıxış edən Ahu İsgəndər və 33 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Xanmədlili gümüş medal qazanıblar. 33 kq çəki dərəcəsində yarışan Mədinə Hənifəyeva isə turniri bürünc medalla tamamlayıb.