BAKI, 23 noyabr. TELEQRAF
Məni dəstəkləyən xalqıma, federasiya rəhbərliyinə, Milli Olimpiya Komitəsinə dərin təşəkkürümü bildirirəm.
Teleqraf xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva deyib.
"İslamiadanın qalibi olduğum üçün də qürurluyam. Bundan sonra daha böyük uğurlar qazanmaq istəyirəm. Hədəflərim böyükdür. Finalda türkiyəli ilə qarşılaşdım. Onunla daha əvvəl Avropa çempionatında üz-üzə gəlmişdim. Təəssüf ki, qabırğamdan zədə almışdım. Hakim görüşü saxlayıb, ona qələbə vermişdi. İslamiadada görüşdə revanş aldım. İnşallah, qarşıdakı dünya və Avropa çempionatlarında istədiyim nəticəni qazana biləcəyəm".
***
Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edən Azərbaycan idmançıları Vətənə dönüblər.
Teleqraf xəbər verir ki, Azərbaycan komandası Oyunları ümumilikdə 59 medalla başa vurub. Bunların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 10-cu yeri tutub. İlk sırada Türkiyə qərarlaşıb. Özbəkistan ikinci, İran üçüncü olub.
Yarışlarda ümumilikdə 57 ölkədən idmançılar mübarizə aparıblar.
Qeyd edək ki, İslamiadanın açılış mərasimi noyabrın 7-də baş tutub.