BAKI, 24 iyul. TELEQRAF
Sabiq deputat, Azərbaycan Sosial Rifah Partiyasının keçmiş sədri Xanhüseyn Kazımlı vəfat edib.
Bu barədə Teleqraf-a mərhumun qızı Əsli Kazımova məlumat verib.
O bildirib ki, X.Kazımlı bu gecə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Mərhum bu gün Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, o, 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib. 55-dən çox monoqrafiya və dərsliyin, 7 tədqiqat əsərinin, 350-dən çox elmi-publisistik məqalənin müəllifidir.
1967-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri, prorektor vəzifələrində çalışıb.
1994–1998-ci illərdə İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi, 1998–1999-cu illərdə Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri işləyib. 1998-ci ildə keçirilən Prezident seçkilərində namizəd olub. Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində itki vətələfatın qiymətləndirilməsi üzrə işçi qrupunun rəhbəri kimi çalışıb.
1994–2023-cü illər aralığında Azərbaycan Sosial Rifah Partiyasına sədrlik edib.
O, Milli Məclisin I, II, III, IV, V çağırış deputatı olub.
Azərbaycan İpoteka Fondunun icraçı direktoru Fəxri Kazımovun atasıdır.
Prezidentin 2002-ci il 12 iyun tarixli, 716 saylı Fərmanına əsasən "Şöhrət" ordeni ilə təltif edilib.
"Qızıl qələm" və Hacı Zeynalabdin Tağıyev mükafatları laureatıdır.
Xatırladaq ki, Xanhüseyn Kazımlının vəfat etməsi barədə ilk xəbəri "Report" yayıb.