
BAKI, 17 may. TELEQRAF
Finlandiyanın qərbindəki Eura aerodromunun yaxınlığında iki helikopterin toqquşması zamanı 5 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Estoniyanın ERR dövlət telekanalı ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, helikopterlər Tallinndən havaya qalxıbmış.
Daha əvvəl Finlandiyanın “Yle” nəşri yerli xilasetmə xidmətinə istinadən xəbər vermişdi ki, bu gün səhər saatlarında ölkənin qərbindəki Satakunta əyalətində iki helikopter toqquşub. Finlandiya polisi daha sonra iki yüngül "Robinson R44 Raven” helikopterinin göyərtəsində beş nəfərin olduğunu təsdiqləyib - ikisi birində, üçü digərində. Polis ölənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün çalışır.
Estoniya KİV-lərinin məlumatına görə, həlak olanlar Estoniyadan olan bir neçə sahibkardır.
Finlandiya Müdafiə Nazirliyi ölkənin hava məkanında baş verən toqquşmanın Finlandiyanın hərbi obyektləri və ya hərbi texnikası ilə heç bir əlaqəsi olmadığını açıqlayıb.
***
18:13
Finlandiyanın qərbindəki Satakunta əyalətində Eura aerodromunun yaxınlığında iki helikopter toqquşub və qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, bu barədə yerli xilasetmə xidmətinə istinadən “Yle” məlumat yayıb.
Məlumata görə, toqquşanlar mülki helikopterlər olub. Hər iki helikopter tapılıb, yanğınsöndürmə və xilasetmə işləri aparılır.
Xilasetmə xidməti mümkün itkilər barədə şərh verməkdən imtina edib.