BAKI, 10 noyabr. TELEQRAF

Böyük Britaniyanın paytaxtı Londonda 8 Noyabr - Zəfər Gününə həsr olunan “Zəfərin əks-sədası” adlı konsert proqramı keçirilib.

Teleqraf xəbər verir ki, dünyanın nüfuzlu musiqi təhsil müəssisələrindən biri olan tarixi Kral Musiqi Kollecinin “Amaryllis Fleming” konsert zalında keçirilən konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının, Britaniya Azərbaycan Cəmiyyətinin və cəmiyyətin nəzdində Komitənin dəstəyi ilə onlayn fəaliyyət göstərən Qarabağ məktəbinin rəhbəri Fəridə Pənahovanın, eləcə də diaspor fəalı Aqşin Kərimovun birgə təşkilatçılığı ilə baş tutub.

Konsertdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov, diplomatlar, Azərbaycan diasporunun nümayəndələri, incəsənət xadimləri və Londonda yaşayan soydaşlarımız iştirak ediblər.

Səfir Elin Süleymanov çıxışında iştirakçıları Zəfər Günü münasibətilə təbrik edərək, bu tarixin Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət daşıdığını bildirib. Şanlı Zəfərin qazanılmasında Prezident İlham Əliyevin qətiyyətli liderliyinin, uzaqgörən siyasətinin və strateji baxışının mühüm rol oynadığını vurğulayıb, Zəfərin böyük fədakarlıqlar bahasına əldə edildiyini diqqətə çatdırıb.

Konsert proqramında Böyük Britaniyadakı Azərbaycanlıların Koordinasiya Şurasının üzvü, Qarabağ məktəbinin musiqi müəllimi Səadət Fərziyevanın rəhbərliyi ilə məktəbin və “Acapella” akademiyasının tələbələri müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.

Azərbaycanın Xalq artisti Fidan Hacıyeva, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü və Diaspor Gənclərinin V Yay düşərgəsinin iştirakçısı, pianoçu Vüsalə Babayeva, Londonda yaşayan müğənni Emin Eminzadə, kamança ifaçısı Rasim Fərziyev, Əməkdar mədəniyyət işçisi, tarzən Rafiq Rüstəmov Azərbaycan və dünya musiqisinin seçmə nümunələrini ifa ediblər. “Can Qarabağ”, “Yaşa Azərbaycan” və “Ey əziz Anam, Azərbaycan” kimi vətənpərvərlik ruhlu musiqi əsərlərinin səsləndirildiyi konsert proqramı iştirakçılara Zəfər sevincini və milli qürur hissini bir daha yaşadıb.