BAKI, 17 oktyabr. TELEQRAF

“Qələbə qazanmağa çox yaxın idik, təəssüf ki, sonda heç-heçə ilə kifayətlənməli olduq”.

Teleqraf xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Qustavo Klismann Misli Premyer Liqasının VIII turunda “Qarabağ”la keçirilən qarşılaşmanı (3:3) dəyərləndirərkən deyib.

Braziliyalı yarımmüdafiəçi komandasının oyundakı çıxışına toxunub:

“Qarşıda bizi çətin oyunlar gözləyir. Faktiki olaraq qələbə artıq əlimizdə idi, lakin son dəqiqələrdə heç-heçə etdik. Buna baxmayaraq, meydanda göstərdikləri əzmkar mübarizəyə görə bütün komanda yoldaşlarıma minnətdaram. Taktiki dəyişikliklər etməklə rəqibin müdafiə xəttini yarmağa çalışırdıq və qələbə üçün sonadək istəkli idik. Lakin müəyyən anlarda vəziyyət nəzarətdən çıxdı və əldə etdiyimiz üstünlüyü qoruya bilmədik. İlk qolu vurduqdan sonra daha diqqətli oynasaydıq, meydandan galib ayrılardıq”.

Klismann belə gərgin qarşılaşmalarda istənilən nəticəni qazanmaq üçün komandanın çatışmazlıqlar üzərində işlədiyini vurğulayıb:

“Belə prinsipial matçlarda növbəti addımı atmaq və istədiyimiz qələbəni təmin etmək üçün bizə tam olaraq nəyin çatışmadığını indidən təhlil etmək çətindir. Amma bu istiqamətdə fasiləsiz çalışırıq. Son turlarda oyunlara daha soyuqqanlı və təmkinli yanaşmağa səy göstərsək də, nəticələr hələ ki istədiyimiz kimi alınmır. Ən iddialı rəqiblərimizlə (red. - "Sabah", "Qarabağ") oyunlarda cəmi iki xal qazanmışıq. Belə qarşılaşmaların çempionatdakı çəkisi və əhəmiyyəti çox böyükdür. Biz hər bir matça yalnız qələbə əzmi ilə çıxırıq. Şəxsən 2 qol vursam da, yekunda bərabərlik qeydə alındı. Mümkün olsa, dublumu "Neftçi"nin qələbəsi ilə dəyişərdim. Təəssüf ki, bu dəfə istədiyimiz nəticəni əldə edə bilmədik”.

“Neftçi”nin futbolçusu azarkeşlərin dəstəyindən də danışıb. O, rəqib meydanda yaradılan atmosferin komanda üçün böyük motivasiya olduğunu vurğulayıb:

“Bugünkü atmosfer inanılmaz idi. Stadiona gəlib bizi dəstəklədiklərinə görə azarkeşlərimizə təşəkkür edirəm. Ümid edirəm ki, bundan sonra da yanımızda olacaqlar. Onların dəstəyinə həqiqətən ehtiyacımız var. Bu gün azarkeşlərimiz əsl “12-ci oyunçu” olduqlarını sübut etdilər. Meydanda bütün gücümüzü qoyduq. Matçın müəyyən anlarında onların nümayiş etdirdiyi böyük enerjini görmək məni çox sevindirdi. Azarkeşlərin dəstəyi futbolçular üçün çox vacibdir”.

Klismann mövsümün sonu ilə bağlı indidən narahat olmağın düzgün olmadığını bildirib. Onun sözlərinə görə, “Neftçi” qarşıdakı oyunlara köklənməli və hər matça ayrıca hazırlaşmalıdır:

“Gələcəyə baxmaq və çalışmağa davam etmək istəyirik. Düşünürəm ki, sadəcə hər oyuna ayrı-ayrılıqda hazırlaşmalıyıq. Hələlik mövsümün sonu barədə narahat olmağa ehtiyac yoxdur. Əsas məqsədimiz qarşıdakı matçlarda əlimizdən gələni etməkdir”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının VIII turunda "Qarabağ"ın qonağı olan "Neftçi" dramatik keçən matçda 3:3 hesablı heç-heçə edib. Görüşdə Klismann dubla imza atıb.