BAKI, 18 oktyabr. TELEQRAF

Hər bir ölkənin yürütdüyü siyasət onun daxili işidir, bu, hər bir dövlətin Konstitusiyası əsasında müxtəlif qanunlarla tənzimlənir. O cümlədən, Azərbaycanda həm təhsil və tədris, həm də dini etiqad, eləcə də digər vətəndaş hüquqları qanun və qərarlarla tənzimlənir. Ona görə də heç kəsin haqqı yoxdur ki, müttəfiqlik, qardaşlıq və dostluq dərəcəsindən asılı olmayaraq başqa ölkənin daxili işlərinə müdaxilə etsinlər. Çox təəssüf ki, bu gün Türkiyədəki bəzi dairələr bunu edirlər. Əfsuslar olsun ki, onların içində dövlət rəsmiləri və hakim partiyanın funksionerləri də var.

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu, kökündən yanlışdır və Türkiyə-Azərbaycan münasibətlərinə zərər verən haldır.

"Nə qədər gec deyil, Türkiyə siyasi dairələri və sosial şəbəkələrdə təşkil olunan anti-Azərbaycan kampaniyası dərhal yığışdırılmalıdır. Azərbaycan artıq hüquqi prosesi başladıb. Dövlətimizin Konstitusion quruluşuna qarşı çağırış edənlərə qarşı cinayət işi açılıb. Bunun sayı daha da arta bilər. Türkiyə-Azərbaycan münasibətləri dostluq-qardaşlıq, eyni zamanda həm də hüquq çərçivəsində nizamlanan münasibətlərdir. Hər kəs bunu belə bilməlidir. 22 yaşlı Məhsa Əmini İranda başını açdığına görə tutuldu və müəmmalı şəkildə öldü. Görəsən niyə qardaş ölkə prezidentinin baş müşaviri o vaxt buna etiraz etmədi? Biz bunu eşitmədik. Niyə 2025-ci il dekabrın 28-də İranda başlayan etirazlarda zorakılığa qarşı səslərini çıxarmadılar? Onlar müsəlman deyildimi? Nəyə görə müsəlman təəssübkeşi olan Türkiyədəki həmin dırnaqarası dini dairələr o zaman İranın daxili işlərinə qarışmadılar?! Niyə demədilər İran, niyə belə edirsən?! Bu gün İranda 35 milyon azərbaycanlının öz ana dilində məktəbi yoxdur. Onların haqqı var ki, İslamı öz dillərində tərcümə edilmiş şəkildə oxusunlar, anlasınlar, təhsil alsınlar. Bu da müsəlmanın haqqıdır. Müsəlman təəssübkeşləri görəsən niyə bu barədə danışmırlar?!", - deyə deputat qeyd edib.

H.Babaoğlu vurğulayıb ki, bu kampaniyanın arxasında kimlərin olduğu Azərbaycan dövlətinə aydındır:

"Bu kampaniyanın "fəal"ları dərk etsinlər ki, onlar sabahın qurbanlarıdır. Sabah Türkiyə-Azərbaycan münasibətləri yaxşı olanda müşavir də, partiya funksioneri də, mətbuat işçisi də qurban gedəcəklər. İslami dəyərlərə sahib çıxmaq lazımdırsa, Türkiyədə, öz ölkələrində buna sahib çıxsınlar. Bir dinin içərisində əlli cür camaatçılıq olmaz. Doğrudan da həmin müşavir, AKP təmsilçisi İslamın təəssübünü çəkirsə, niyə demir ki, Türkiyədə Süleymaniyyə camaatına qarşı tədbirlər görülür? Onlar da camaatdır, dini elə görürlər. Yaxud niyə demirlər ki, Gülən camaatı İslam adı altında Türkiyədə çevrilişə cəhd etdi, buyurun, bir az onlardan da danışın. Ona görə də hər bir ölkənin vətəndaşı, siyasətçisi, millət vəkili, partiya funksioneri danışanda düşünüb danışmalıdır. Öz gözündə tiri görməyib başqasının gözündə çöp axtarmaq qətiyyən doğru yol deyil".