BAKI, 16 oktyabr. TELEQRAF

AFFA U-15 və U-13 Liqalarında işləyən məşqçilər cəzalandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin son iclasında müvafiq qərarlar qəbul olunub.

Oktyabrın 10-da U-15 Liqasında baş tutan “Neftçi” – “Qəbələ” matçından sonra "Neftçi"nin köməkçi məşqçisi Nakim Vəliyev hakimlərin ünvanına qeyri-etik ifadələr işlətdiyi üçün qırmızı vərəqə alıb. İntizam Komitəsinin qərarı ilə o, növbəti 7 oyundan kənarlaşdırılıb. Eyni zamanda paytaxt təmsilçisi 1000 manat məbləğində cərimə olunub.

Digər qərar isə U-13 Liqasında oktyabrın 11-də keçirilən “Alfa” (Zaqatala) – “Aslan” (Zaqatala) qarşılaşması ilə bağlıdır. Matç zamanı rəqib komandanın məşqçisinə fiziki zor tətbiq edərək davaya səbəb olan “Alfa”nın baş məşqçisi Rüstəm Məmmədov 5 oyunluq diskvalifikasiya edilib.