BAKI, 17 oktyabr. TELEQRAF

​“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının VIII turunda “Qarabağ”la keçirilən matçdan (3:3) sonra mətbuat konfransında fikirlərini bölüşüb.

​Teleqraf xəbər verir ki, mütəxəssis qarşılaşmanın gərgin keçdiyini və komandasının çıxışından razı qaldığını bildirib:

​“Çox yaxşı və çətin oyun oldu. Güclü rəqibə karşı oynayırdıq, azarkeşlərimiz də bizə möhtəşəm dəstək göstərdilər. Hesabda dəfələrlə önə keçdik, hətta dördüncü qolu da vurduq, amma hakim onu qeydə almadı. Təəssüf ki, sona yaxın bir qədər dözmədik və iki qol buraxaraq heç-heçə ilə kifayətləndik. Buna baxmayaraq, futbolçularımdan çox razıyam. Onlar bu gün meydanda bütün güclərini sərf etdilər”.

​Vernidub üzərində işləməli olduqları məqamların varlığını vurğulayıb:

​“Təbii ki, nöqsanlarımız var və bunun üzərində işləyəcəyik. Qarşıda bir həftə vaxtımız var, bu müddətdə 'Turan Tovuz'la oyuna hazırlaşacağıq. Ən vacib məqam futbolçularımızın psixoloji təzyiq altında qalmamasıdır. Bu, futboldur, belə hallar baş verir. Baş verənləri qəbul edib irəli baxmaq lazımdır”.

​Baş məşqçi komandanın formalaşma prosesində olduğunu da əlavə edib:

​“Həm bizim, həm də 'Qarabağ'ın heyətində çoxlu yeni futbolçu var. Komandanın formalaşması və oyunçuların bir-birinə uyğunlaşması üçün zamana ehtiyac var. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik. Artıq çempionatın dörddə birini geridə qoymuşuq, qarşıda bizi hələ 25 oyun gözləyir”.