BAKI, 9 oktyabr. TELEQRAF
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzv dövlətlərini ABŞ sanksiyaları fonunda məhkəmənin qorunması və fəaliyyətini təmin etmək üçün təcili tədbirlər görməyə çağırıb.
Teleqraf xəbər verir ki, Türk sanksiyaları qəbuledilməz adlandırıb. O həmçinin Roma Statutunu imzalayan ölkələri məhkəmənin həyati əhəmiyyətli fəaliyyət qabiliyyətini təmin etmək üçün təcili tədbirlər görməyə səsləyib.
Daha əvvəl ABŞ Maliyyə Nazirliyi Haaqa məhkəməsinə qarşı sanksiyaların tətbiq olunduğunu elan edib. Qeyd olunub ki, bu qurum ABŞ Prezidenti Donald Trampın 2025-ci ilin fevral ayında imzaladığı sərəncam əsasında sanksiya siyahısına əlavə edilib. Daha sonra Vaşinqton administrasiyası Beynəlxalq Cinayət Məhkəməsini ABŞ-yə və İsrail kimi müttəfiqlərinə qarşı qanunsuz hərəkətlərdə ittiham edib.
Hazırda Beynəlxalq Cinayət Məhkəməsinin 125 üzvü var. Onun yurisdiksiyasını tanımayan dövlətlər arasında ABŞ (Roma Statutunu imzalamış, lakin imzasını geri götürmüş), Rusiya (imzalamış, lakin ratifikasiya etməmiş), İsrail (imzalamış, lakin ratifikasiya etməmiş) və Çin (sənədi imzalamamış) var.