BAKI, 9 avqust. TELEQRAF

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Ukraynanın “Dinamo” komandası ilə qarşılaşmada zədələnən “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin son durumu bəlli olub.

26 yaşlı futbolçunun atası Eldar Cəfərquliyev Teleqraf-a açıqlamasında oğlunun MRT müayinəsindən keçdiyini və ayağındakı zədəsinin ciddi olmadığını bildirib.

Onun sözlərinə görə, Elvin Cəfərquliyevin “Dinamo” ilə cavab oyununda meydana çıxmaq ehtimalı yüksəkdir:

“Hazırda durumu yaxşıdır. MRT müayinəsindən keçirdik, ciddi bir şey yoxdur. Qarşıdakı oyunda meydana çıxa bilər. Amma bu, baş məşqçinin qərarından asılıdır. Qurban Qurbanov şans versə, oynaya biləcək”.

Qeyd edək ki, “Qarabağ” - “Dinamo” cavab oyunu avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Polşada baş tutan ilk qarşılaşmada Kiyev təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.