BAKI, 6 avqust. TELEQRAF

“Qarabağ” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə ilk oyununa çıxacaq.

Teleqraf xəbər verir ki, Ukrayna təmsilçisi ilə qarşılaşma Polşanın Lublin şəhərində yerləşən “Lublin Arena”da keçiriləcək.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyunu Danimarkadan olan baş hakim Morten Kroq idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab görüşü gələn həftə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu cütün qalibi pley-off mərhələsində “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.