BAKI, 6 iyul. TELEQRAF
Portuqaliyalı mütəxəssis Karluş Keyruş Qana milli futbol komandasının baş məşqçi vəzifəsindən ayrıldığını açıqlayıb.
Teleqraf xəbər verir ki, 73 yaşlı çalışdırıcı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Onun qərarı Qana yığmasının 2026-cı il dünya çempionatında mübarizəni dayandırmasından sonra verilib.
Qana millisi turnirin 1/16 final mərhələsində Kolumbiyaya 0:1 hesabı ilə məğlub olaraq yarışla vidalaşıb.
Keyruş vida mesajında komandanın çıxışından qürur duyduğunu bildirib:
“Futbol da, həyat kimi, bizə əbədi bir dərs öyrədir: ya qalib gəlirsən, ya da öyrənirsən. Bu yolu əldə etdiklərimizlə qürur duyaraq, eyni zamanda daha çoxuna can atan insanların narazılığı ilə tərk edirəm. Qana millisini təmsil etmək mənim üçün böyük şərəf idi. Oyunçulara, məşqçi heyətinə və azarkeşlərə təşəkkür edirəm. Biz tam idman məmnuniyyəti əldə etməsək də, Qananın rənglərini layiqincə qoruduğumuzu və komandaya dünya futbolunun ən böyük səhnəsində hörmət qazandırdığımızı düşünürəm”, – deyə o qeyd edib.
Karluş Keyruş 2026-cı ilin aprelində Qana millisinin baş məşqçisi təyin olunmuşdu. Komanda dünya çempionatının qrup mərhələsində Panama üzərində 1:0 hesablı qələbə qazanıb, Xorvatiyaya 1:2 hesabı ilə uduzub və İngiltərə ilə qolsuz heç-heçə edib. Bu nəticələrlə qrupda üçüncü yeri tutaraq pley-off mərhələsinə yüksəlmişdi.
Təcrübəli mütəxəssis karyerası ərzində CAR (2002), Portuqaliya (2010) və İran (2014, 2018, 2022) millilərini dünya çempionatlarına çıxarıb. O, həmçinin Madridin Real Madrid klubunda, eləcə də BƏƏ, Kolumbiya, Misir, Qətər və Oman yığmalarında çalışıb.