BAKI, 5 iyul. TELEQRAF

ABŞ millisinin futbolçusu Folarin Baloqun 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Belçikaya qarşı oynaya biləcək.

Teleqraf xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

25 yaşlı hücumçunun Bosniya və Herseqovina ilə oyunda aldığı qırmızı vərəqəyə görə nəzərdə tutulan cəzası dayandırılıb.

Baloqun Bosniya və Herseqovina ilə görüşdə Tarik Muharemoviçə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə almışdı. FİFA qaydalarına əsasən, belə hallarda futbolçu avtomatik olaraq bir oyunluq diskvalifikasiya olunur.

Məlumata görə, FİFA-nın İntizam Komitəsi intizam kodeksinin 27-ci maddəsinə əsasən sanksiyanı tam və ya qismən dayandırmaq hüququndan istifadə edib. ABŞ millisi qırmızı vərəqə və avtomatik diskvalifikasiya ilə bağlı apellyasiya verə bilməsə də, komitə cəzanı müstəqil şəkildə dəyişə bilər.

Əgər Baloqun sınaq müddətində oxşar qayda pozuntusuna yol versə, cəza yenidən qüvvəyə minəcək.

Qeyd edək ki, ABŞ millisinin turnirdə ən məhsuldar futbolçusu olan Baloqun DÇ-2026-da 3 qol vurub. O, Paraqvayla oyunda dubl edib, Bosniya və Herseqovina ilə görüşdə isə bir dəfə fərqlənib.

ABŞ - Belçika matçı iyulun 7-nə keçən gecə Sietldə keçiriləcək.