BAKI, 6 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası ABŞ millisinin hücumçusu Folarin Baloqunun diskvalifikasiyasının dayandırılmasından əvvəl futbolçunu meydandan qovan hakim barədə məlumat alıb.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.
Məlumata görə, ABŞ Futbol Federasiyasının iri donorlarından biri olan hedc-fond meneceri Skott Qudvin Ağ Evin diqqətini Baloquna qırmızı vərəqə göstərən braziliyalı hakim Rafael Klausla bağlı iddialara yönəldib.
Nəşr qeyd edir ki, Klaus əvvəllər Braziliyada danışılmış oyunlarda iştirak və əsassız qırmızı vərəqələr verməklə bağlı şübhələrə məruz qalıb. Lakin nə FİFA, nə də Braziliya hakimiyyət orqanları bu ittihamları təsdiqləyən hər hansı sübut aşkarlamayıb.
Buna baxmayaraq, məlumatda bildirilir ki, Donald Tramp FİFA prezidenti Canni İnfantino ilə söhbəti zamanı həmin iddiaları da gündəmə gətirib.
Daha əvvəl "The Athletic" nəşri FİFA-nın İntizam Komitəsinin Baloqunun diskvalifikasiyasını müvəqqəti dayandırdığını və bununla da onun Belçikaya qarşı dünya çempionatının 1/8 final oyununda iştirakına icazə verdiyini yazmışdı.
Qeyd edək ki, Baloqun Bosniya və Herseqovina millisinə qarşı 1/16 final matçında müdafiəçi Tarik Muharəmoviçə qarşı kobud qayda pozuntusuna görə qırmızı vərəqə almışdı. Qaydalara əsasən, o, növbəti oyunu buraxmalı idi.