BAKI, 6 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ABŞ millisinin hücumçusu Folarin Baloqunun dünya çempionatının 1/8 final oyunu üçün nəzərdə tutulan diskvalifikasiyasının ləğvi məqsədilə FİFA prezidenti Canni İnfantino ilə əlaqə saxlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp ötən həftə İnfantinoya zəng edərək Baloqunun cəzasının aradan qaldırılmasını xahiş edib.
Daha əvvəl "The Athletic" nəşri FİFA-nın İntizam Komitəsinin futbolçunun diskvalifikasiyasını müvəqqəti dayandırdığını və bununla da onun Belçikaya qarşı 1/8 final matçında iştirakına icazə verdiyini yazmışdı.
Qərardan sonra Tramp FİFA-ya təşəkkür edib. O, "Truth Social" platformasında paylaşım edərək federasiyanın "doğru addım atdığını və böyük ədalətsizliyi aradan qaldırdığını" bildirib.
Qeyd edək ki, Baloqun Bosniya və Herseqovina yığmasına qarşı 1/16 final oyununda (2:0) müdafiəçi Tarik Muharəmoviçə qarşı kobud qayda pozuntusuna görə qırmızı vərəqə almışdı. ABŞ futbolçusu rəqibin ayağına arxadan butsunun şipiləri ilə zərbə endirmişdi.
Mövcud qaydalara əsasən, o, növbəti oyunu buraxmalı idi. ABŞ və Belçika milliləri arasında 1/8 final qarşılaşması iyulun 7-nə keçən gecə keçiriləcək.