BAKI, 6 iyul. TELEQRAF
Şərur rayonu ərazisində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Teleqraf xəbər verir ki, iyulun 5-də Şərur rayonu, Püsyan kəndi ərazisində qeydə alınan ağır yol qəzasında bir ailənin üç üzvü – ata, ana və 2025-ci il təvəllüdlü uşaq həlak olub.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Şərur rayon sakini Rəşad Məmmədov idarə etdiyi “Lifan” markalı avtomobillə hərəkətdə olarkən, hazırda istintaqa məlum olmayan səbəbdən idarəetməni itirərək qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxıb və həmyerlisi Nəvai Həsənovun idarə etdiyi “VAZ” markalı avtomobillə toqquşub.
Nəticədə Nəvai Həsənov və sərnişinləri - həyat yoldaşı və azyaşlı övladı hadisə yerində həlak olub, 7 yaşlı qızı, eləcə də R.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bir ailənin məhvinə səbəb olan bu ağır yol-nəqliyyat hadisəsi dərin təəssüf hissi doğurmaqla yanaşı, sükan arxasında verilən yanlış qərarların hansı faciələrə səbəb olduğunu növbəti dəfə nümayiş etdirir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, təkcə özlərinin deyil, doğmalarının və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır!
***
02:08
NAXÇIVAN, 6 iyul. TELEQRAF
Naxçıvanda baş verən ağır yol-nəqliyyat hadisəsi bir ailənin faciəsi ilə nəticələnib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan–Sədərək magistral yolunun Şərur rayonunun Püsyan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
68-BC-455 dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobillə 68-BB-655 dövlət qeydiyyat nişanlı "NAZ-Lifan" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər həyatını itirib.
Qəza zamanı həlak olan Nəvai Həsənov, Tamara Həsənova və Alparslan Həsənovun eyni ailənin üzvləri olduğu bildirilib.
Hadisə nəticəsində ailənin digər övladı İnci Həsənova, eləcə də digər avtomobildə olan Rəşad Məmmədov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.