BAKI, 6 iyul. TELEQRAF
ABŞ-nin Kolorado ştatında genişlənməkdə davam edən meşə yanğını səbəbindən yeni təxliyə göstərişləri verilib.
Teleqraf xəbər verir ki, bu barədə "CBS News" telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, yanğın Ledvill şəhəri yaxınlığında yayılmağa davam edir. Səlahiyyətli qurumlar bəzi ərazilərin sakinlərinə təxliyə olunmaq, digərlərinə isə mümkün təxliyəyə hazırlaşmaq barədə göstəriş veriblər.
"CBS News"un məlumatına əsasən, son 24 saat ərzində yanğının əhatə etdiyi ərazi təxminən 404 hektar genişlənib. Hazırda alovun təsir dairəsi ümumilikdə 1,6 min hektara çatıb.
Yanğının iyunun 28-də başladığı bildirilir. Hazırda onun yalnız 1 faizi nəzarət altına alınıb. Yanğının başvermə səbəbi isə hələ müəyyən edilməyib.
Qeyd edək ki, bundan əvvəl Fransanın cənubunda baş verən iri təbii yanğınlar səbəbindən təxminən 15 min nəfərin təxliyəsinə başlanıldığı açıqlanmışdı.