BAKI, 6 iyul. TELEQRAF
Belçika millisinin baş məşqçisi Rudi Qarsiya ABŞ yığmasının hücumçusu Folarin Baloqunun diskvalifikasiyasının dayandırılması ilə bağlı FİFA-nın qərarını tənqid edib.
Teleqraf xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.
Daha əvvəl "The Athletic" nəşri xəbər vermişdi ki, FİFA-nın İntizam Komitəsi Baloqunun diskvalifikasiyasını müvəqqəti olaraq dayandırıb və bununla da ona dünya çempionatının 1/8 final mərhələsində Belçikaya qarşı oyunda iştirak etmək imkanı verib.
Qarsiya bu qərara sərt reaksiya verərək istehzalı açıqlama verib:
"Mən bilmirdim ki, dünya çempionatında və FİFA-da 5 iyul əslində 1 aprel hesab olunur. Biz hər hansı milli komandanı və ya federasiyanı deyil, futbolu və ədalət prinsipini müdafiə edirik", - deyə o bildirib.
Qeyd edək ki, Baloqun Bosniya və Herseqovina yığmasına qarşı keçirilən 1/16 final oyununda rəqib müdafiəçi Tarik Muharəmoviçə qarşı kobud qayda pozuntusuna görə qırmızı vərəqə almışdı. ABŞ millisi həmin görüşdə 2:0 hesabı ilə qalib gəlmişdi.
ABŞ və Belçika yığmaları arasında 1/8 final qarşılaşması iyulun 7-nə keçən gecə keçiriləcək. Matçın qalibi İspaniya - Portuqaliya cütünün qalibi ilə üz-üzə gələcək.