“Karyeramı mən istədiyim vaxt bitirəcəyəm. Siz jurnalistlər istədiyiniz vaxt yox”.
Teleqraf xəbər verir ki, bunu Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu 2026 dünya çempionatının 1/8 final mərhələsində İspaniya ilə oyundan öncə keçirilən mətbuat konfransında deyib.
41 yaşlı hücumçu futbolla vidalaşacağı gün vicdanının rahat olacağını bildirib:
“Mənim geri dönüş etməyimi istəmirlər. Bir gün gələcək futbolla vidalaşacağam. Həmin gün gələndə 100 faiz vicdanım rahat olacaq”.
Ronaldu 2026-cı il dünya çempionatındakı çıxışına da toxunub:
“Turnirdə indiyə qədər 3 qol vurmuşam. Məncə, pis göstərici deyil. Bəli, daha çox qol vuranlar var, çünki çox yaxşı oynayırlar. Amma mən də pis deyiləm. Bəli, yaşlanmışam. 41 yaşım var və artıq əvvəlki kimi deyiləm. Amma heç nə dəyişməyib. Mən hələ də qol vururam. Ümid edirəm ki, sabah da qol vuraram. Mən vura bilməsəm, ümid edirəm komanda yoldaşlarımdan biri fərqlənər”.
Portuqaliyalı ulduz dünya çempionluğunun onun karyerasındakı yerini dəyişməyəcəyini vurğulayıb:
“Dünya çempionatını qazansam, daha yüksəkdə olmayacağam. Qazanmasam da, daha aşağıda olmayacağam. Şükürlər olsun, heç bir əskikliyim yoxdur. Tanrı mənə çox səxavətli davranıb. Əlbəttə, kuboku qazanmaq üçün buradayıq, amma sonda yalnız bir komanda qalib olacaq”.
Qeyd edək ki, Portuqaliya - İspaniya matçı iyulun 6-sı Bakı vaxtilə 23:00-da keçiriləcək.