BAKI, 25 iyun. TELEQRAF

Azərbaycan millisinin üzvü Elvin Cəfərquliyevin “Qarabağ”da qalacağı və ya komandadan ayrılacağı ilə bağlı yekun qərar verilməyib.

Bunu Teleqraf-a açıqlamasında “Qarabağ”ın Mətbuat Xidmətinin rəhbəri Anar Hacıyev deyib.

Klub rəsmisi uzun müddət əsas komandadan uzaqlaşdırılan 26 yaşlı yarımmüdafiəçinin Ağdam təmsilçisi ilə birlikdə Avstriya toplanışına aparılmasına münasibət bildirib.

O, baş məşqçi Qurban Qurbanovun futbolçunu bağışlayıb-bağışlamadığı və onun klubda qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırıb:

“Elvin Cəfərquliyev hazırda tam gücü ilə komanda ilə məşq edir. Nə olacaqsa, onu gələcəkdə birlikdə görəcəyik. Bu dəqiqə üçün hər hansı bir şey demək tezdir. Elvin Cəfərquliyevin hazırda “Qarabağ” klubu ilə bir illik müqaviləsi var. Bütün hüquqları da kluba məxsusdur. Nə olacaqsa, onu qarşıdakı zaman göstərəcək”.

Qeyd edək ki, Elvin Cəfərquliyev apreldə intizam qaydalarını pozduğu üçün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıb.

Ağdam təmsilçisi futbolçunu transfer siyahısına çıxarıb.