BAKI, 19 iyun. TELEQRAF

Kanada milli komandasının yarımmüdafiəçisi İsmayıl Kone ayağının həm qamış, həm də baldır sümüyünü sındırıb.

Teleqraf xəbər verir ki, bu barədə tanınmış futbol jurnalisti Fabrizio Romano məlumat yayıb.

Hadisə Kanada və Qətər yığmaları arasında keçirilən dünya çempionatının qrup mərhələsinin ikinci tur oyununda baş verib. Kanada millisi rəqibini 6:0 hesabı ilə məğlub edib.

Görüşün 52-ci dəqiqəsində, hesab 3:0 olarkən, Qətər yığmasının müdafiəçisi Assim Modibo Koneyə qarşı kobud qayda pozuntusuna yol verib. Zədələnən futbolçu daha sonra xərəkdə meydandan çıxarılıb.

Mənbənin məlumatına görə, Kone hazırda xəstəxanadadır və anası Syuzanna ilə birlikdə əməliyyata hazırlaşır. İlkin proqnozlara əsasən, futbolçu 4-5 ay yaşıl meydanlardan kənarda qalacaq.

Bununla da İsmayıl Kone dünya çempionatında komandasına daha kömək edə bilməyəcək.

Bildirilir ki, Assim Modibo oyundan sonra Kanada yığmasının paltardəyişmə otağında futbolçudan üzr istəyib.

İki turdan sonra Kanada millisi 4 xalla B qrupuna başçılıq edir. Eyni xala malik İsveçrə ikinci pillədə qərarlaşıb. Bosniya və Herseqovina ilə Qətərin isə hərəsinin 1 xalı var.

Kanada son turda İsveçrə ilə, Qətər isə Bosniya və Herseqovina ilə qarşılaşacaq. Oyunlar iyunun 24-də keçiriləcək.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq. Turnirin son qalibi Argentina millisi olub.