BAKI, 19 iyun. TELEQRAF

Ermənistan Baş Prokurorluğu keçmiş baş prokuror Gevorq Kostanyanın İrəvana təhvil verilməsi ilə bağlı 2025-ci il dekabrın 17-də Rusiya Baş Prokurorluğuna vəsatət göndərib.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Ermənistan Baş prokuroru Anna Vardapetyan noyabrın 18-də bildirmişdi ki, prokurorluq Gevorq Kostanyan və “1 Mart işi” üzrə keçmiş istintaq qrupunun rəhbəri Vaaqn Arutyunyanın təhvil verilməsi üçün Rusiyaya müraciət edəcək.

İttihama görə, Vaaqn Arutyunyan 2008-ci il 1 Mart hadisələrində Silahlı Qüvvələrin iştirakını təhrif edib, bununla da Ermənistan hökumətinin Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistanın nümayəndə heyətində təmsil olunan Gevorq Kostanyanın xüsusilə ağır cinayətin gizlədilməsi və vəzifə saxtakarlığı etməsinə yardım göstərib.

Rusiyadan hələlik heç bir rəsmi cavab daxil olmayıb.

Xatırladaq ki, 1 Mart hadisələri İrəvanda 2008-ci ildə baş vermiş siyasi etirazlara aiddir. 2008-ci il fevralın 19-da Ermənistanda prezident seçkiləri keçirilib. Seçkilərdə o zamankı prezident Robert Köçəryanın namizədi Serj Sərkisyan qalib elan olunub. Müxalifət nəticələri saxtalaşdırılmış hesab edərək, İrəvanda kütləvi etiraz aksiyalarına başlayıb. Martın 1-də polis və ordu nümayişçilərə qarşı güc tətbiq edib, nəticədə 10 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb.

Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlişi ilə Robert Köçəryan, sabiq müdafiə naziri Mikael Arutyunyan, Seyran Ohanyan və Müdafiə Nazirliyinin korpus komandiri Yuri Xaçaturova qarşı cinayət işi açılıb. Serj Sərkisyanın adı da bu cinayət işində hallansa da, hələlik ona qarşı rəsmi ittiham irəli sürülməyib. Amma Nikol Paşinyan bu məsələdə onu da ittiham edib.