BAKI, 19 iyun. TELEQRAF

Kanada millisinin yarımmüdafiəçisi İsmael Kone ağır zədə alıb.

Teleqraf xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Hadisə Kanada ilə Qətər arasında keçirilən DÇ-2026-nın B qrupunun oyununda baş verib. Kanada yığmasının 6:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmanın 55-ci dəqiqəsində Kone rəqib futbolçu Assim Mədibonun kobud müdaxiləsindən sonra zədələnib. Epizoddan sonra qətərli yarımmüdafiəçi qırmızı vərəqə alıb, Kone isə xərəkdə meydanı tərk edib.

Məlumata görə, 24 yaşlı futbolçunun ayağının kiçik və böyük qamış sümükləri sınıb. Hazırda xəstəxanada olan Kone əməliyyata hazırlaşır. Onun yanında anasının olduğu bildirilir.

Kanadalı futbolçunun təxminən 4-5 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.