BAKI, 19 iyun. TELEQRAF
Macarıstanın yeni hökuməti NATO müttəfiqləri ilə tamhüquqlu hərbi əməkdaşlığı bərpa edir. Bununla yanaşı, Budapeşt Ukraynaya silah göndərməyəcək və hərbçi ezam etməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın müdafiə naziri Romulus Rusin-Sendi Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclasından sonra bildirib. Məlumat ilkin mənbəyə istinadən yayılıb.
Nazir bildirib ki, iclas çərçivəsində Kanada və İsveçdən olan həmkarları, həmçinin NATO-nun baş katibi Mark Rütte ilə ikitərəfli görüşlər keçirib.
"Onlara dedim ki, biz geri qayıtmışıq", - deyə Rusin-Sendi vurğulayıb.
Onun sözlərinə görə, Macarıstanın NATO ilə bağlı strategiyası əvvəlki kimi alyansla birlikdə hərəkət etmək prinsipinə əsaslanır və bu siyasət gələcəkdə də davam edəcək.
Bununla belə, müdafiə naziri Ukraynaya münasibətdə ölkəsinin mövqeyinin dəyişmədiyini bildirib.
"Biz Ukraynaya öldürücü silahlar verməyəcəyik və bu ölkəyə hərbçilər göndərməyəcəyik", – deyə o qeyd edib.
Rusin-Sendi xatırladıb ki, yeni baş nazir Peter Madyar da bundan əvvəl eyni mövqeni açıqlayıb.
Qeyd edək ki, əvvəlki hökumət də Ukraynaya silah tədarükündən və hərbi yardım göstərməkdən imtina etmişdi. Həmçinin Budapeşt NATO ilə əldə olunan razılaşmaya əsasən, alyansın Ukraynaya silah tədarükünün koordinasiyası və Ukrayna Silahlı Qüvvələrinin hazırlığı missiyalarında iştirak etmirdi.