BAKI, 19 iyun. TELEQRAF

Dövlət İmtahan Mərkəzi iyunun 21-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar (təkrar) keçirəcək.

Bu barədə Teleqraf-a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahan Bakı, Abşeron və Sumqayıtda təşkil olunacaq. Təkrar imtahanda 25-27 may tarixlərində qeydiyyatdan keçən və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsinə qatılmaq istəyən abituriyentlər iştirak edə bilərlər.

Bundan əlavə, qeyd olunan şəhər və rayonlar üzrə 25-26 may tarixlərində təhsil aldıqları məktəbə müraciət edən şagirdlər (cari və əvvəlki illərin IX sinif şagirdləri) 21 iyunda keçiriləcək imtahanda iştirak edə bilərlər. İmtahanlar saat 10:00-da başlanır.

İmtahanlarda 365 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanda 6 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Ümumilikdə imtahanların idarə olunmasına 3 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 41 nəzarətçi, 6 buraxılış rejimi əməkdaşı və 3 bina nümayəndəsi ayrılıb.