BAKI, 19 iyun. TELEQRAF
Beynəlxalq Futbol Federasiyası (FIFA) İngiltərə millisinin baş məşqçisi Tomas Tuxelin müraciətindən sonra dünya çempionatında himnlərin səsləndirilməsi zamanı fotoqrafların yerləşmə qaydasını dəyişib.
Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, İngiltərənin Xorvatiyanı 4:2 hesabı ilə məğlub etdiyi qrup mərhələsinin ilk tur oyunundan sonra Tuxel FIFA-ya şikayət edib. O bildirib ki, himnlər səsləndirilərkən fotoqrafların sıx düzülməsi səbəbindən futbolçularını görə bilməyib.
Bir neçə müraciətdən sonra FIFA digər turnirlərdə tətbiq olunan qaydaya qayıdıb. Bundan sonra fotoqraflar meydanın mərkəz xəttinə yaxın ərazidə daha kompakt yerləşdiriləcək. Həmçinin yığmaların məşqçi heyətlərinə ehtiyat oyunçular skamyasının qarşısında qalmaq məcburiyyəti aradan qaldırılıb və onlara mərkəz dairəsi ətrafındakı futbolçuları maneəsiz izləmək üçün kənara keçməyə icazə verilib.
Qeyd edək ki, İngiltərə millisi qrup mərhələsinin növbəti turunda iyunun 23-də Qana yığması ilə qarşılaşacaq. ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatı iyulun 19-da başa çatacaq. Turnirin son qalibi Argentina millisidir.