BAKI, 19 iyun. TELEQRAF

Avstriya milli komandasının futbolçusu Ştefan Poş 2026-cı il dünya çempionatının ilk turunda İordaniya yığmasına qarşı keçirilən oyunda çənə sümüyünü sındırıb.

Teleqraf xəbər verir ki, bu barədə Avstriya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müdafiəçiyə cərrahi əməliyyat tələb olunmur. Onun turnir davam edərkən xüsusi qoruyucu maska ilə meydana qayıdacağı gözlənilir. Lakin futbolçunun iyunun 22-də keçiriləcək Argentina ilə qrup mərhələsinin ikinci tur oyununda iştirakı hələ də sual altındadır.

Xatırladaq ki, Avstriya millisi dünya çempionatına İordaniya üzərində 3:1 hesablı qələbə ilə başlayıb. Ştefan Poş həmin görüşdə 90 dəqiqə meydanda olub.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatında ilk dəfə 48 komanda iştirak edir. Turnir iyulun 19-da başa çatacaq. Yarışın son qalibi Argentina millisidir.