BAKI, 10 iyun. TELEQRAF

Argentina millisi dünya çempionatı öncəsi son yoxlama oyununda İslandiyanı 3:0 hesabı ilə məğlub edib.

Teleqraf xəbər verir ki, qarşılaşmada hesabı 8-ci dəqiqədə Valentin Barko açıb.

Zədəsini sağaldan Lionel Messi isə oyuna 70-ci dəqiqədə daxil olub və cəmi iki dəqiqə sonra penaltidən fərqlənərək komandasının üstünlüyünü ikiqat artırıb. Bununla da 38 yaşlı hücumçu peşəkar karyerasında 911-ci, millidə isə 117-ci qolunu vurub.

Matçda son nöqtəni 86-cı dəqiqədə Tiaqo Almada qoyub.

Qeyd edək ki, Messi zədə səbəbindən Argentinanın Honduras üzərində 2:0 hesablı qələbə qazandığı əvvəlki yoxlama görüşündə iştirak etməmişdi.

Lionel Skaloninin rəhbərlik etdiyi komanda dünya çempionatındakı ilk oyununu iyunun 17-də Əlcəzairə qarşı keçirəcək. Argentinanın yer aldığı qrupda Avstriya və İordaniya milliləri də mübarizə aparacaq.