BAKI, 13 may. TELEQRAF
“Düzdür, “Zirə” qalib gəlsə, bizim Avropaya getməyimizin üstündən böyük xətt çəkilir. Lakin futbol elə bir şeydir ki, heç kəsin pisliyini istəməməlisən. Əsas odur ki, ədalətli oyun olsun, kim güclüdürsə və layiqdirsə, o da qalib gəlsin”.
Bunu Teleqraf-a açıqlamasında Azərbaycan millisinin və “Neftçi”nin qapıçısı Emil Balayev deyib.
O, Bizon Azərbaycan Kubokunun finalında bu gün baş tutacaq “Sabah” – “Zirə” oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Balayev,ə avrokuboklara yollanmağın “Sabah”ın qələbəsindən asılı olmasına baxmayaraq, heç kimi dəstəkləməyəcəyini bildirib:
“Özüm oynasam, bəli, istəyərəm komandam qalib gəlsin. Amma "filan klub qalib gəlsin, çünki bu, mənə sərf edir", belə deyə bilmərəm. Turnirin 1/8 final mərhələsində “Zirə”yə uduzduğumuz üçün mübarizəni dayandırdıq. Amma heç kimi ayrıca dəstəkləmirəm. Təbii ki, oyuna baxacağam, finaldır. Yaxşı olan qalib gəlsin”.
Qeyd edək ki, qarşılaşma bu gün saat 20:00-da “Palms Sport Arena”da baş tutacaq. Reqlamentə görə, Premyer Liqanın və Azərbaycan Kubokunun qalibi “Sabah” olarsa, 4-cü yeri tutan komanda (“Neftçi”) Konfrans Liqasına vəsiqə qazanacaq.