BAKI, 13 may. TELEQRAF

UEFA son iki mövsümdə xərcləmə limitini aşdığına görə “Fənərbağça”ya cəza tətbiq edə bilər.

Teleqraf jurnalist Yağız Sabuncuoğluna istinadən xəbər verir ki, İstanbul klubuna qarşı sanksiyanın iyun ayının ilk həftəsində rəsmiləşəcəyi gözlənilir.

Klubun UEFA-nın Maliyyə Dayanıqlığı qaydalarını pozmasına keçmiş baş məşqçi Joze Mourinyonun müqaviləsi və futbolçu Kərəm Aktürkoğlunun maaş xərcləri səbəb olub.

Belə ki, Mourinyonun illik maaşının 10 milyon avrodan çox olması, Kərəm Aktürkoğlunun isə 5 milyon avrodan yuxarı qazanc əldə etməsi UEFA tərəfindən klubun maliyyə hesabatına daxil edilib. Bu da ümumi xərclərin limitin üzərinə çıxmasına səbəb olub.

Məlumata görə, aparılan qiymətləndirmələrdən sonra UEFA tərəfindən “Fənərbağça”ya təxminən 10 milyon avro məbləğində cərimə tətbiq oluna bilər.

Qeyd edək ki, UEFA və Türkiyə Futbol Federasiyasının maliyyə qaydalarına əsasən, limitlərin aşılması hallarında klublara yalnız cərimə deyil, həm də transfer məhdudiyyəti və digər sanksiyalar da tətbiq oluna bilər.